21 Mayıs 2014 Çarşamba

Mən Azərbaycanda normal kişi olduğuna inanmıram-Müsahibə

Onlar haqqında çoxumuzun məlumatı yoxdur və ya çox azdır. Bir transseksualla əlaqə saxladım və gizliliyi qorumaq şərtiylə mənimlə söhbət etməyə, müsahibə verməyə razı oldu. Təxminən iki saatlıq söhbətimizdən maraqlı hissələri seçib, oxuculara təqdim edirəm. Onların yaşadıqları həyat, problemləri barədə daha geniş məlumata sahib olacaqsınız.
......

Əsl adım Röyaldı. İndi Röya adını işlədirəm. Səsim də pis deyil. Kişi səsiylə oxuyanda səsim Röyanın səsinə oxşayır, qadın səsiylə oxuyanda Aygün Kazımovanın.

Hər gün, hər saniyə yaşadığım bu həyata, özümə nifrət edirəm. Mən bu deyiləm. Fahişə olmaq üçün bədənimi, cinsiyyətimi dəyişdirmədim. Gedəcəm bu ölkədən. Dodaqlarımı düzəltdirmişəm. İki min manat borcum var. Borcumu ödədikdən sonra pul yığmağa başlayacam. Maraqlanmışam, üç min manat pul lazımdı. Pulum hazır olan kimi Hollandiyaya gedəcəm.

Hər gün Allaha dua edirəm. Məni bağışlasın deyə yalvarıram. Düşünürəm ki Allahın mənə verdiyi bədənə xəyanət etmişəm. Amma çox çətin idi, inan mənə. Kişi bədəninə həbs olunaraq yaşamaq çox çətindi. Xüsusilə universitetə başlayandan sonra dözülməz həddə çatmışdı. Çoxları elə bilir ki biz kef üçün, pul qazanmaq üçün özümüzü bu hala salırıq. Allaha qurban olum, O bilir mən özümü biləndən nə əzablar çəkmişəm.

Uşaqlıqdan qadın olduğumu bilirdim. İncəsənət universitetində kinoşünaslıq oxuyurdum. Hər gün işgəncə kimi keçirdi. Qız kimi yeriyirdim, hərəkətlərim, oturuşum, duruşum qız kimi idi. Axı mən qadın idim! Özümdən asılı deyildi... Ailəm nə qədər məni dəyişdirmək istədi, zorla kişi kimi geyindirdilər, döydülər. Amma mən evdə heç kim olmayanda bacımın paltarlarını geyinib bir neçə saat evdə belə gəzirdim, rəqs edirdim. Gəlin paltarı geyinmək xəyalı qururdum. Hara gedirdim söz atırdılar, söyürdülər. İndi şəhərdə daha rahat gəzirəm. Heç kim trans olduğumu anlamır. Üçüncü kursda oxuyarkən dəyişməyə qərar verdim. Belə yaşamaq mümkün deyildi.

Mənim üçün teatr deyə bir şey yoxdur. Mən teatra dövrü keçmiş bir incəsənət növü kimi baxıram. Amma film həyatdır. Son günlərdə Çarli Çaplinin filmlərini izləməyə başlamışam... Yeri gəlmişkən əmim qızı  teatr aktrisasıdır.

Azərbaycanlı kişilərə inanmıram. Üç il bir oğlanı sevmişəm. Mənə deyirdi ki mən sənin fahişə olmağına icazə verməyəcəm. Məni qoruyacaq, yaşayışımı təmin edəcəkdi. Özün bilirsən ki Azərbaycanda bizim normal işdə çalışmaq imkanımız yoxdur. Ona görə də məcbur fahişəlik etməli oluruq... Sevgilim mən müalicəyə başladıqdan bir il sonra məni atdı. Qaldım ortada, ağır depressiya yaşadım. Amma fikrimdən dönmədim. Mütləq gedəcəm bu ölkədən, normal həyat yaşayacam... Gəlin paltarı geyinmək xəyalı ilə yaşayıram.

Heç vaxt ana ola bilməyəcəm. Bəlkə də Hollandiyada övladlığa uşaq götürmək mümkündür, bilmirəm. Amma heç vaxt öz uşağım olmayacaq. Sevdiyim kişidən, ərimdən uşaq doğa bilməyəcəm. Bunu bilmək mənə əzab verir.

Anam üçün çox darıxıram. Atam mənim “xəstə” olmağımda anamı günahlandırırdı. Nə vaxt acıqlansa anamı döyür, təhqir edirdi... Ara bir anama zəng edirəm, səsini eşitmək üçün. Amma danışa bilmirəm. Anam mənim zəng etdiyimi başa düşür, ağlamağa başlayır.

Anam hicablıdı. Mən də namaz qılırdım. Bəzən yenə qılıram.

Hər gün ağlayıram. Fahişə olduğum üçün özümə, məni bu hala saldığı üçün bu ölkəyə nifrət edirəm. Küçədə mənə söz atan, söyüş söyən kişilərin bəziləri sonra mənlə yatmağa gəlirlər. Mən Azərbaycanda normal kişi olduğuna inanmıram. Çoxu homoseksualdı.

Tük transların ən böyük bəlasıdı. Hər dəfə tüklərimi görəndə əvvəlki “məni” xatırlayıram. Əlbətdə bir də penis məsələsi var. Onun əməliyyatı çox qəlizdi. Həm də risklidi. Əməliyyat olunub qadın cinsiyyət orqanı düzəltmək olar amma ömür boyu boşala bilməmək riski var. Fikirləşə bilirsən ömür boyu boşalmamaq nə deməkdi!? Həm də digər məsələ var. Əgər “bu” olmasa acından ölərik. Kişilərin çoxu “buna” görə bizim yanımıza gəlir.

Bəzi kişilər inciməsin deyə onlarla yatıram. Bəzən eybəcər kişilər gəlir. Vallah puluna görə yox, sırf inciməsin, özünü pis hiss etməsin deyə onlarla da yatmağı qəbul edirəm.

 Bir evdə üç-dörd ay yaşayandan sonra qonşular təzyiq göstərməyə, şikayət etməyə başlayırlar. Məcbur evi dəyişdirməli oluruq. İndiyə qədər 10-dan çox ev dəyişdirmişəm.

...Hər gün Allaha şükr et. Allah hər şeyi mükəmməl yaradıb. Bir tükün belə bilirsən nə qədər əhəmiyyəti var? Allah məni də bu cür sınağa çəkdi. Amma mən dözə bilmədim, qadın olduğum halda kişi bədəniylə yaşaya bilməzdim.  


10 Mart 2014 Pazartesi

Nərmin

Nərmin Hüseynlini şəxsi olaraq tanımıram. Ona xilas etməyə çalışan çoxları kimi. Onun ölümündə özümü də günahkar hesab edirəm. Çünki həkim səhvləri ilə bağlı zarafatlar haqqında çox danışıb-gülmüşəm. Məsələyə yetəri qədər ciddi yanaşmamışam.

 Tibb universiteti tələbəsi kimi onun həkim səhvi ucbatından başına gələnlər qarşısında çox böyük məsuliyyət hissedirəm. Bu gün tibb universitetinin yetişdirdiyi tələbələr gələcəkdə bir daha Nərminləri öldürməsinlər deyə bu yazını yazmağa qərar verdim.

Tibb sahəsi başqa heç bir peşəyə bənzəmir. Həkimlik insan həyatı ilə bağlıdır.  Edilən kiçik bir səhv və ya yaxşı oxumadığn bir mövzu bir gün hər hansı bir  insanın həyatını alt üst edə bilər . Bu səbəbdən tibb universiteti tələbələrinin üstünə böyük məsuliyyət düşür. Bu məsulliyyəti isə birinci tələbələr yox müəllimlər başa düşməlidir. Amma aldıqları maaş o qədər gülüncdür ki, bu maaşa ancaq axşam nə yeyəcəyini düşünmək olar. Bəli, onlar bizə lazım olan bütün məsləhətləri etika xatirinə verirlər. Hər müəllim tələbələrə gələcək həyatı üçün xəbərdarlıqlarını edir. Risklərdən danışır. Amma yaxşı həkim yetişdirmək üçün məsləhət kifayət etmir. İstəyən o məsləhəti dinləyir, istəməyən dinləmir. Çünki  heç kim bunun bir gün başına gələcəyinə inanmır. Məsulliyyəti tələbənin boynuna atmaqla da bu problem həll olunmayacaq.

Onsuz da savadsız həkimlərin ucbatından savadlı həkimlərə də hörmət edən yoxdur. Xəstəxanalarda xəstələrin həkimlərlə necə kobud rəftar etdiyini görəndə dəhşətə gəlirəm. Cəmiyyət həkiminə güvənmir. Onu sağaltmaq istədiyinə inanmır. Savadsız həkimlərin arasında savadlılar da hörmətdən düşür, adam yerinə qoyulmur. Qapısını döymədən içəri girir, təhqir edir, söyürlər.

Bunları dəyişdirmək bizim əlimizdədir. Əgər yaxşı həkim olacağınıza inanmırsınızsa indidən özünüzə alternativ çıxış yolları axtarın. Ailənizin sizi zorla həkim etməsinə imkan verməyin. Çünki, bir gün Nərmin kimi gözəl bir qızın həyatını məhv etsəz onlar məsuliyyət daşımayacaq.

Sonda  tibb universiteti tələbəsi kimi müəllimlərimdən xahiş edirəm :

-          Yumşaq ürəkli olmayın. Tələbələrə ana nəvazişi, ata qayğısı göstərməyin.
-          “Dərsini oxumasa da, yaxşı insandır” ifadəsini bir daha işlətməyin. Bu cəmiyyəti tənbəlliyə öyrəşdirməyin. Biz tənbəlik. Bizi məcbur edin.
-          Dərsə hazır gəlmirəmsə sıfırımı verin. Kəsilmək və təkrar kəsilmək istəyirəm. Lazım gəlsə məni qovun. Məni Nərminin qatili olmaqdan qurtarın.
-          Lazımsız dərslərlə tələbələri məşğul edib yormaq əvəzinə heç olmasa bir semestr üçün Tibbi Deontologiya(tibb işçilərinin öz  peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi-etik normalar toplusudur) fənnini tədris sisteminə daxil edin.


Nərmin Allah sənə rəhmət eləsin!  Yaxınlarına səbr diləyirəm.

9 Ocak 2014 Perşembe

Çoban


Məşhur Türk aktyoru “Kara Murat” ləqəbli Cüneyt Arkın deyirdi “ Gəncliyimdə heç sevgilim olmayıb. Utancaq olmuşam. Amma əslində sevgilim olmamasının səbəbi utancaq olmağım deyildi. Qoyun iyləndiyim üçün qızlar mənə yaxın dura bilmirdilər. Hətta oğlan yoldaşlarım da çox az idi. Hammı məndən iyrənirdi. Uzaq gəzirdilər”.

Rahat rahat vaqonun içində ora bura gəzmək, uzanıb yata bilmək, ritmik taqqıltının verdiyi xüsusu zövq  kimi keyfiyyətlər qatarla səyyahət etməyin üstün xüsusiyyətləridir. Təbii ki, vaqondan vaqona fərq var. Biletin qiymətinə müvafiq olaraq rahatlığın da artır və ya  azalır. SV kupedə səyahhət etmək, təyyarənin biznes klassından fərqli olaraq digər vaqonlardan ciddi fərqlənir.  Plaskard adlanan vaqonlar əsgər yataqxanalarını xatırladır. Arabir sakitlik , kitab oxumaq vəya yatmaq istəyəndə puluma qıyıb SV”dən bilet alıram. Amma əsgər yataqxanası daha canlı, səs-küylü olduğundan ordakı söhbətləri dinləmək, dava dalaşlara şahid olmaq, gülmək üçün çox vaxt plaskard biletlərdən alıram. Nə isə...

İlk dəfə qatar səyahətim yaddaşımda heç də xoş xatirə kimi qalmayıb... Hardasa 12 yaşım olardı. Qış fəsli idi. O zamanlar qatarların vəziyyəti  ürəkaçan deyildi. İsitmə sistemindən əsər əlamət yox idi. Donurduq.

Səhərə qədər yata bilməmişdim. Amma bunun səbəbi üşüməyim deyildi. Səbəb qoyunlarla çox vaxt keçirmiş, orta yaşlı bir kişinin ətrafına yaydığı kəskin üfunət qoxu idi. Vaqonun mən yatan hissəsini kəskin qoyun qoxusu bürümüşdü.  Görünür bu dayı ya çoban idi yada boş vaxtlarında  qoyun otarmalı olmuşdu.  Bunda eyib heçnə yoxdur. Sadəcə mən və yatmağa çalışarkən, bir yandan da burnunu  tutan bir qadın səhv vaqona minmişdik.

Çoban olmaq, qoyun iylənmək deməkdir. Bu qarşısıalınmaz bir prosesdir. Mənim üçün nağıllardan,filmlərdən tanıdığım gülərüz, sevimli çoban  bir neçə saat sonra  yerini qoyun qoxusuna buraxmışdı. Mənim üçün artıq əlində tütək, qoyunlara məhəbbətlə baxan çoban yox idi.

Ümumiyyətlə bizim xalqın şüuraltında çoban müsbət bir şəxs, müsbət bir fiqur kimi formalaşıb. İnanmıram ki, ölkəmizdə heç çoban tanımamış, görməmiş insanlar çobanı mənfi bir insan obrazı kimi təsəvvür etsin.

 Çoban mövzusu qəliz mövzudur. Bütün mədəniyyətlərdə çobanlar nağıl,hekayə qəhrəmanlarıdırlar. Din aləmində də çobanlar xüsusi yer tutur. Elə bu haqda bir neçə hekayə eşitdiyimi və oxuduğumu bilirəm. Mütləq bütün peyğəmbərlər hardasa çobanla qarşılaşıblar. İsa peyğəmbərə Məsih, Xilaskar, İnsan oğlu və s. deyildiyi kimi Çoban da deyilir. Google”da Hz.İsa yazsaz, görəcəksiz ki,qucağında qoyun, İsa sizə gülümsəyir. Axı niyə  ? Niyə qoyun?

(Çobanlar və çobansevənlər məni üzrlü hesab etsin.Sadəcə ilk qatar səyahətimdə məni yatmağa qoymayan o qoxu yadıma düşdü.  )




8 Ocak 2014 Çarşamba

Zibil Qutusu


Bakının küçələri gecələr qaranlığı, gündüzləri isə sadəcə saxta günəşin batmağını, qaranlığın gəlməsini gözləyir...Bakının küçələri qaranlığı sevir, mən isə Bakının qaranlığını...

Gündüzlər gördüyüm eybəcərlik, saxtakarlıqlar qaranlıqda yox olur. Gecələr şəhər olduğu kimidir- boş, menasız, səssiz...

Əslində gündüzlər də elədir, amma saxta gülüş səsləri, şəhərin mənasız divarlarına heyranlıqla baxan insanlar da gecələr qaranlığa bürünür.

Gecə saflıqdır, gizlinllərin ortaya çıxdığı vaxtdır. Gecələr- gizli hisslərin cəsarətlə küçələrdə addımladığı saatlar.. Və gündüz tapa bilmədikləri gözəlliyi qaranlıqda axtaran insanlar...

Bakının gündüzlərində, hərdən də gecələrində ən çox eşidilən səs maşın siqnalları, sürücü dava dalaşlarıdır... Şəhər deyinən, qışqıran, neqativ enerjili, qaş-qabaqlı insanlarla doludur.

Nadir hallarda gülürlər, hətta şaqqanaq çəkirlər, amma elə bil, onları buna kimsə məcbur edir, sanki yanaqlarından tutub dartır kimsə. Çox qısa olan riyakar gülüşlərin çoxu sadəcə yanaqların hərəkətindən ibarətdir...

Siqaret tüstüsünü içinə çəkdiyin anın xoşbəxliyi qədər saxtadır Bakının gülüşü... Sadəcə vərdişdir-pis vərdiş.

Əslində isə, şəhər ağlamaq istəyir, lap yüksək səslə hönkürüb eybəcər səsləri, saxta, boğazdan yuxarı qəhqəhələri susdurmaq istəyir... Amma bacarmır, çünki şəhərimin ağlamalı halını da gülməli ediblər...

Əsl Bakı ve insanlari bəzənmiş binaların görünməyən terefi kimidir. Heç kim o biinaların görünməyən tərəfini görmek istəməz. Və eynəklərini taxıb keçərlər...

Necə də gözəldir şəhərimiz... Necə də gözəldir insanları...Rəngli eynəklərinin arxasindan qarşılıqlı sevirlər bir birilərini...

Eynəyini unutmuş olanlar, ya da eynəyi heç sevməyənlər isə gözlərinin gördüyü reallıqla barışmağa məcbur qalırlar...

Bu şəhərə eynəksiz baxdıqdan sonra əlindəki siqareti söndürmədən yerə atıb, qarşıdan gələn xanıma əhəmiyyət vermədən yerə tüpürürlər...Heç peşman da deyillər...

Sonra bir neçə addımlıqdakı zibil qabıya kinayə ilə baxıb gülümsəyirlər...

Zibilliklerin icine batmis şəhərdə zibil qutusuna nə ehtiyac var ki?

Zibil qutusu isə, reallığı öz gözləriylə görənlərin baxışlarına tuş gələr...

Tək basina şəhəri təmizləməyə çalışan zibil qutusu da mübarizəsinin mənasizlgni dərk edər.

Ümidsizcə o da yerə tüpürər...

7 Ocak 2014 Salı

Kuleli Hərbi Litseyi ( Kuleli Askeri Lisesi )

Kuleli Askeri Lisesi- İstanbul


Bu yaxınlarda məzunu olduğum litseyin bağlanması və muzeyə çevrilməsi  barədə türk xəbər saytlarında bir neçə xəbər gördüm. Əslində fikrimcə hərbi litseylər lazımsız xərcdən başqa bir şey deyil və bir ölkə üçün 4 hərbi litsey çoxdur. Bu mənim fikrimdir. Amma fikirləşmək o demək deyil ki, belə də olmasını istəyirəm. Ömrümün dörd ilini keçirdiyim bu məktəbin muzeyə çevrilmə ehtimalı istər istəməz məni biraz kədərləndirir. Amma  mövzumuz bu deyil.

Hərbi mənə bunu öyrətdi, belə çətinliklər çəktik kimi klassik mövzudan da söhbət açmayacam əlbətdə. Çünki haqqında yazılması lazım gələn daha maraqlı  mövzular var. Bunlardan biri məktəbin kitabxanasıdır.

Fərz edin ki, tarix qoxusu gələn bir kitabxanada 100 minə yaxın kitab heç bir qarşılıq gözləmədən sənə təqdim olunub. Dini və Atatürkçülük prinsipinə uyğun olmayan kitablardan başqa demək olar ki, qadağan kitab yoxdur.  Maraqlı tərəfi isə odur ki, bu kitabxananı digər kitabxanalardan fərqləndirən birşey var. Kitab oxumaq burda istəyə bağlı deyil.Məcburidir. Ayda ən az 3 kitab  oxumalısan. Bunu isə hər ay qeydlərdən yoxlayıb, oxumayanları cəzalandırırdılar. Əlbəttdə hərkəs oxumurdu amma ən azından əlinə bir kitab götürüb, tanış olurdular.

Komandirlər( müəllimlər də hərbi rütbəli idilər) bizdən daha çox kitab oxumağı tələb edir və oxumayanları gələcəyin boş beyinli zabitləri adlandırırdılar. (İdman isə həmişə ikinci planda idi.) Fəlsəfə müəllimimiz “ V for Vendetta” filmini həftələrlə məktəbin öz kanalında yayımladaraq, bütün məktəbin bu filmi izləməsinə nail olmuşdu. Bilmirəm bunun nəticəsi idi ya yox məzun olduqdan sonra 100-ə yaxın kursant yoldaşım Ali məktəbə hazırlıq poliqonuna dözə bilməyərək azadlıqlarını elan etdilər.

 (Bu arada hər sinifin özünün ayrıca kitabxanası da var idi. Bizim 292 nəfərlik  sinifimizin 788 kitablıq balaca bir kitabxanası vardı. Sayını dəqiq bilirəm çünki, kitabxana mənə tapşırılmışdı. Açarlar məndə idi. Biraz əvvəl təşəkkür etdim, indi də üzr istəmək istəyirəm. Çünki, ordan bir iki kitab oğurlamışdım. Bağışla məni Kuleli. )

Məzunu olduğum Kulelidən bir iki söz yazmaq istədim sadəcə. Kiçik də olsa təşəkkür etmək istədim.

( Atatürk və Kuleli başlığı atında qısa  video : http://www.youtube.com/watch?v=YVlxNoTPHlY  )