10 Mart 2014 Pazartesi

Nərmin

Nərmin Hüseynlini şəxsi olaraq tanımıram. Ona xilas etməyə çalışan çoxları kimi. Onun ölümündə özümü də günahkar hesab edirəm. Çünki həkim səhvləri ilə bağlı zarafatlar haqqında çox danışıb-gülmüşəm. Məsələyə yetəri qədər ciddi yanaşmamışam.

 Tibb universiteti tələbəsi kimi onun həkim səhvi ucbatından başına gələnlər qarşısında çox böyük məsuliyyət hissedirəm. Bu gün tibb universitetinin yetişdirdiyi tələbələr gələcəkdə bir daha Nərminləri öldürməsinlər deyə bu yazını yazmağa qərar verdim.

Tibb sahəsi başqa heç bir peşəyə bənzəmir. Həkimlik insan həyatı ilə bağlıdır.  Edilən kiçik bir səhv və ya yaxşı oxumadığn bir mövzu bir gün hər hansı bir  insanın həyatını alt üst edə bilər . Bu səbəbdən tibb universiteti tələbələrinin üstünə böyük məsuliyyət düşür. Bu məsulliyyəti isə birinci tələbələr yox müəllimlər başa düşməlidir. Amma aldıqları maaş o qədər gülüncdür ki, bu maaşa ancaq axşam nə yeyəcəyini düşünmək olar. Bəli, onlar bizə lazım olan bütün məsləhətləri etika xatirinə verirlər. Hər müəllim tələbələrə gələcək həyatı üçün xəbərdarlıqlarını edir. Risklərdən danışır. Amma yaxşı həkim yetişdirmək üçün məsləhət kifayət etmir. İstəyən o məsləhəti dinləyir, istəməyən dinləmir. Çünki  heç kim bunun bir gün başına gələcəyinə inanmır. Məsulliyyəti tələbənin boynuna atmaqla da bu problem həll olunmayacaq.

Onsuz da savadsız həkimlərin ucbatından savadlı həkimlərə də hörmət edən yoxdur. Xəstəxanalarda xəstələrin həkimlərlə necə kobud rəftar etdiyini görəndə dəhşətə gəlirəm. Cəmiyyət həkiminə güvənmir. Onu sağaltmaq istədiyinə inanmır. Savadsız həkimlərin arasında savadlılar da hörmətdən düşür, adam yerinə qoyulmur. Qapısını döymədən içəri girir, təhqir edir, söyürlər.

Bunları dəyişdirmək bizim əlimizdədir. Əgər yaxşı həkim olacağınıza inanmırsınızsa indidən özünüzə alternativ çıxış yolları axtarın. Ailənizin sizi zorla həkim etməsinə imkan verməyin. Çünki, bir gün Nərmin kimi gözəl bir qızın həyatını məhv etsəz onlar məsuliyyət daşımayacaq.

Sonda  tibb universiteti tələbəsi kimi müəllimlərimdən xahiş edirəm :

-          Yumşaq ürəkli olmayın. Tələbələrə ana nəvazişi, ata qayğısı göstərməyin.
-          “Dərsini oxumasa da, yaxşı insandır” ifadəsini bir daha işlətməyin. Bu cəmiyyəti tənbəlliyə öyrəşdirməyin. Biz tənbəlik. Bizi məcbur edin.
-          Dərsə hazır gəlmirəmsə sıfırımı verin. Kəsilmək və təkrar kəsilmək istəyirəm. Lazım gəlsə məni qovun. Məni Nərminin qatili olmaqdan qurtarın.
-          Lazımsız dərslərlə tələbələri məşğul edib yormaq əvəzinə heç olmasa bir semestr üçün Tibbi Deontologiya(tibb işçilərinin öz  peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi-etik normalar toplusudur) fənnini tədris sisteminə daxil edin.


Nərmin Allah sənə rəhmət eləsin!  Yaxınlarına səbr diləyirəm.

Hiç yorum yok:

Yorum Gönder